Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

XƏBƏR 19 fevral 2024, 16:28

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bolqarıstanın paytaxtı Sofiyaya səfər edib.

Qerbinfo.com xəbər verir ki, o, burada 12-20 fevral tarixlərində keçirilən Avropa çempionatında iştirak edən idmançılarımızın yarışını izləyəcək.

Fevral ayının 17-də Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresi keçirilib. Tədbirdə AAF rəhbərliyi – prezident Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov da iştirak edib. Burada gündəlikdə olan bir çox məsələlər müzakirələr edilib, ağırlıqqaldırma idman növünün bu günü və gələcək perspektivləri diqqətə alınıb, hesabatlar dinlənilib, rəy və təkliflər verilib.

Konqres zamanı AAF prezidenti Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohamməd Caludla görüşüb. Səmimi keçən söhbət zamanı qurumlar arasındakı əlaqələrin möhkəm olduğu və böyük tarixə malik olduğu bildirilib, bu münasibətlərin davam və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmaya böyük maraq və dəstək olduğunu bildirib. O, xüsusilə Cənab Prezident İlham Əliyevin ağırlıqqaldırma klubunun açılışında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğanla birlikdə iştirak etməsi və özünün ştanqı qaldırmasını qeyd edib. Calud bu hərəkətin ağırlıqqaldırmaya nəinki Azərbaycanda, həmçinin bütün dünyada marağın artırılması baxımından möhtəşəm bir təkan olduğunu bildirib və buna görə ona təşəkkürlərini çatdırıb. AAF prezidenti Kamran Nəbizadə bildirib ki, Azərbaycan bir idman ölkəsidir və yalnız ağırlıqqaldırma deyil, bütün idman növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bunun nəticəsində idmançılarımız beynəlxalq arenada mütəmadi qələbələr qazanır, bayrağımızı yüksəldirlər. Onların arasında ağırlıqqaldıranlar da var və federasiyamız bu idman siyasətinin, bu uğurların davam etdirilməsi üçün bütün səylərini göstərir. Buraya beynəlxalq qurumlarla münasibətlərin sıxlaşdırılması və inkişafı da daxildir ki, bu proses bundan sonra davam etdiriləcəkdir.

Görüşdən sonra AAF-ın xüsusi hədiyyəsi – üzərində federasiyanın loqosu olan Azərbaycan ipək xalçası Məhəmməd Calud və EWF prezidenti Antonio Konflittiyə təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top