Qazaxdan Masallıya uzanan yol...

XƏBƏR 25 avqust 2026, 17:17
“Qazaxdan Masallıya uzanan yol” niyə yazının başlığını bu cür yazdım?
Sosial şəbəkələrdə və bir çox xəbər saytlarında “İcra başçısı avtomobilini saxladı, cənazəyə köməklik etdi”, “İcra başçısı şəhid anasını xidməti avtomobili ilə evinə apardı” kimi xəbərlər paylaşılırdı. Sözün açığı, bu tip xəbərlər mənim də diqqətimi çəkdi. Kiçik bir araşdırmadan sonra həmin icra başçısının Masallı rayon rəhbəri Araz Əhmədov olduğunu öyrəndim və qurucusu olduğum “Qazax-Ağstafa” Facebook səhifəsində mən də bu xəbərləri paylaşdım. Paylaşımlara fərqli reaksiyalar gəldi. Qazaxlımız Elnur Quliyev də əvvəllər Masallı ilə bağlı paylaşdığı yazını rəy bölməsində paylaşaraq, “Demək ki, Araz müəllim haqqında yanılmamışam!” fikrini bildirdi. Rəylər arasında “Masallı Xəbərləri” Facebook səhifəsinin də diqqətçəkən bir şərhi oldu. Səhifənin şərh bölməsinə nömrə qeyd edərək, “Masallıya yolunuz düşsə, bizi də ziyarət edərsiniz”, – yazmışdı.
 
Və o gün gəldi...
Lənkəranda yaşayan dostum Taleh Mənsimovun dəvəti ilə cənub bölgəsinə səfərimiz başladı. Həmin paylaşımda qeyd olunan nömrə ilə əlaqə saxladım və beləcə, “Masallı Xəbərləri”nin rəhbəri Rauf Cəbiyevlə tanışlığımız başladı. Ötən gün baş tutan Masallı səfərimizə Rauf müəllimin rayonu gəzmək və görməli yerləri ilə tanış olmaq təklifi ilə başladıq. Masallının zəngin mədəni irsini əks etdirən qədim sənət növlərindən biri olan həsirçilik sənətinin yaşadıldığı mərkəzdən gəzintimiz başladı. Rayonun giriş hissəsində həsirçi xanımlar üçün binanın təmir olunaraq onların istifadəsinə verilməsi həsirçilik sənətinə verilən dəyərin bariz nümunəsidir.
 
Daha sonra mərkəzi bazarı, rayonun prospekt və küçələrini, 12 çoxmərtəbəli binanın tikiləcəyi ərazini gəzdik. Həqiqətən, rayondakı səliqə-sahman, rahat və geniş səkilər, təbiətin gözəlliyi adamı sözün həqiqi mənasında valeh edirdi. Füsunkar təbiəti, əsrarəngiz mənzərələri və zəngin turizm potensialı ilə seçilən Masallının “Cənubun mirvarisi” adlandırılması heç də təsadüfi deyil.
Gəzintimizdən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşümüz oldu. Sağ olsun, bizi çox səmimi qarşıladı. Qazaxlı olduğumu öyrəndikdə isə: “Mən Qazaxda uzun illər xidmət etmişəm, oraları çox yaxşı tanıyıram”, – dedi. Söhbət zamanı rayon rəhbəri Masallıda 4 illik fəaliyyəti, bu illər ərzində şəhid ailələrinə, qazilərə, həssas təbəqədən olan insanlara və rayon sakinlərinə göstərilən diqqət və qayğıdan, eləcə də vətəndaşların qaldırdıqları problemlərin həlli istiqamətində görülən işlərdən danışdı.
Söhbətimizin sonunda isə bir cümləsi xüsusilə diqqətimi çəkdi: “Hələ görüləsi işlərimiz çoxdur”. Sonda Araz müəllimə dəyərli vaxtını bizə ayırdığı və bizi səmimi şəkildə qəbul etdiyi üçün təşəkkürümüzü bildirdik.
 
Səfərimiz çərçivəsində şəhid atası Oktay Zərbiyevlə də görüşdük. Görüş zamanı öyrəndik ki, yaşadıqları evin qəzalı vəziyyətdə olduğunu nəzərə alan Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü ilə şəhid ailəsi üçün rayonun daxili imkanları hesabına yeni ev tikilir. Daha sonra yeni inşa olunan evə baxaraq Oktay müəllimlə sağollaşdıq.
 
Masallıya səfərimizin gerçəkləşməsində zəhməti olan “Masallı Xəbərləri”nin rəhbəri Rauf Cəbiyevə və Cənub Kurslarının müdiri Taleh Mənsimova dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Gələn görüşlərədək!



İlkin Əmirov - Masallı 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top