Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Məhəmməd Maqomayev küçəsində qeydə alınıb.
Qerbinfo.com xəbər verir ki, yolu keçmək istəyən 2014-cü il təvəllüdlü Zəhra Elsəvər qızı Musayevanı “Ford” markalı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbliyə hadisə yerindən keçən Vətən müharibəsi qazisi, mayor Pərviz Məmmədov kömək edib. Qazi özünü itirmədən ətrafdakı şəxslərin dəstəyi ilə yaralı uşağı dərhal xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, uşağın vaxtında tibbi müəssisəyə çatdırılması onun həyatının xilas edilməsində mühüm rol oynayıb. Hazırda Zəhra Musayevanın vəziyyəti qənaətbəxşdir.
Uşağın valideynləri qızlarının həyatının xilas edilməsində göstərdiyi köməyə görə Pərviz Məmmədova dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, III qrup əlilliyi olan Vətən müharibəsi qazisi mayor Pərviz Məmmədov deputat Aydın Mirzəzadənin köməkçisi vəzifəsində çalışır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Esmira Hidayətova, Mingəçevir