Prezident Firdovsi Umudova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verdi

XƏBƏR 30 dekabr 2022, 18:42

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev idmanın inkişafında əməyi olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Qerbinfo.com
 xəbər verir ki, təltif edilənlər arasında “Sərhədçi” İdman Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov da var.
Belə ki, Prezidentin imzaladığı Sərəncamla Firdovsi Umudova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. 

Firdovsi Umudov 1993-2005-ci illərdə Azərbaycan sərbəst güləş yığmasının heyətində dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi, Avropa çempionatının bürünc mükafatçısı, tələbələr arasında dünya çempionatının gümüş mükafatçısı, Dünya Kubokunun qalibi olub. 2005-2008-ci illərdə yeniyetmələrdən ibarət sərbəst güləş yığmasının məşqçisi və baş məşqçisi olub. 2008-2016-cı illərdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi olaraq çalışıb. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib. 2016-2018-ci illərdə Azərbaycan güləş yığmasının baş məşqçisi, daha sonra Azərbaycan Güləş Federasiysının vitse-prezidenti olub.

Azərbaycanın Əməkdar Məşqçisi və İdman Ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Onun rəhbərliyi altında güləşçilərimiz dünya və Avropa çempionatları, Olimpiya Oyunları və Dünya Kuboku yarışlarında dəfələrlə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2012-ci ildə "Şöhrət" ordeni, 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu", 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

2002-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır. “Sərhədçi” İdman Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi, “Sərhədçi” Peşəkar İdman Klubunun prezidentidir.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, “Hərbi Xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli” medalı ilə, 2022-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Polkovniki hərbi rütbəsi ilə təltif olunub. Xidmət dövründə həmçinin digər medal və fəxri fərmanlara da layiq görülüb.

Qeyd edək ki, sərbəst güləş üzrə dünyanın ən yaxşı məşqçisi seçilmiş yeganə azərbaycanlı mütəxəssis olan Firdovsi Umudov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı digər sərhədçilər kimi komandanlığın tapşırıqlarına əsasən ön və arxa cəbhədə öz vəzifə borcunu şərəflə yerinə yetirib. Vətən müharibəsi iştirakçısıdır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top