
“Onu deməliyəm ki, bizim bütün şərtlərimiz məntiqli, əsaslı, qanunauyğundur. Müxtəlif mərhələlərdə Ermənistan cəmiyyətində, hakim dairələrində belə bir fərziyyə irəli sürülürdü ki, sanki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmaq istəyir. Hətta danışıqlar zamanı belə məsələ qaldırılmışdı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirdiyi brifinqdə deyib.
Dövlət başçısı sülh sazişinə mane olan səbəblərdən danışıb: “Bizim mövqeyimiz ondan ibarətdir ki, bu məsələ belə qəbul edilməməlidir. Bu, birbaşa bizə aid olan bir məsələdir. Bizim ərazi bütövlüyümüzə olan açıq tələbdir. Ona görə bu düzəliş edilmədən sülh sazişi imzalana bilməz. Biz öz mövqeyimizdən geri addım atmamışıq. Çünki heç vaxt Ermənistan qarşısında qeyri-real, qəbul edilə bilməyəcək şərtlər də qoymamışdıq”.
Prezident qeyd edib ki, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı müştərək müraciət birinci maneəni aradan qaldırıb: “Bu gün bu paraflanma Ağ Evdə baş verdi. Ona görə mən şübhə etmirəm ki, Ermənistan konstitusiyası dəyişiləndə Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə bu, birinci növbədə ABŞ-yə hörmətsizlik olacaq. Çünki hər kəs bilir, bizim mövqeyimiz demək olar ki, bütün aparıcı beynəlxalq aktorlar, o cümlədən ABŞ tərəfindən anlayışla qarşılanır.
Mənim bu məsələ ilə bağlı şübhəm yoxdur. Bu nə vaxt olacaq, Ermənistanın öz işidir. Biz burada hər hansı bir təklif irəli sürə bilmərik. Mən hesab edirəm ki, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Vaxt itirmək məncə, lazım deyil. Bir halda ki, Ermənistanla Azərbaycan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.