Bakı-Tbilisi qatar reysi ilə bağlı "qara bazar" iddialarına RƏSMİ CAVAB

XƏBƏR 24 iyun 2026, 11:18

"Sosial mediada qatar biletləri ilə bağlı elanları və paylaşımları yaxından izləyirik, araşdırırıq. Həmçinin satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi təhlil olunur".

Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz:

"Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir".

A. Fərəcov sosial şəbəkələrdəki iddialardan birinin də Bakı-Tbilisi qatarlarının dolu olmaması ilə bağlı olduğunu deyib.

O qeyd edib ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır:

"Məlum olduğu kimi, Bakı-Tbilisi-Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər vaqona minirlər. Məsələn, 25 may - 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6 136, Yevlaxdan 909, Gəncədən 1 345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib. Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5 592, Gəncəyə 1 048, Yevlaxa 1 522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarında satılıb".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top