"Sağollaşanda mənə dedi ki, övladlarımızı heç kimə etibar etmə" - Şəhidin xanımı

GÜNDƏM 10 fevral 2021, 09:54

44 günlük Vətən müharibəsinin daha bir qəhrəmanı Həsənov Fariz Şahin oğludur.
1987- ci il təvəllüdlü F. Həsənov Ağstafa rayonu Dağkəsəmən kəndində anadan olub. O, Milli Qvardiyada əsgərliyini başa vurduqdan sonra 3 ay MAXE kursunda təlim keçib. 12 ildir hərbidə xidmət edən şəhid çavuş rütbəsini daşıyırdı. Oktyabrın 10-da döyüşlərə qatılan Fariz Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. 

Şəhidin həyat yoldaşı Əzizə Həsənova “Qafqazinfo”ya bildirib ki, F. Həsənov​ oktyabrın 10-dan döyüşlərə qatılıb: “Elə həmin gün evə gəlib bizimlə vidalaşdı. Bildirdi ki, istiqamətləri Füzuli, ya da Murovdağ olacaq. Sağollaşanda da mənə dedi ki, övladlarımızı heç kimə etibar etmə. Onlara həm ata, həm ana olmağımı istədi. Dedi ki, ona nəsə olsa, ağlamayım, heç kimin qarşısında əyilməyim, özümü sındırmayım. Uşaqların ali təhsil almasını istəyirdi. Arzusu o idi ki, oğlu oxuyub general, qızı isə diş həkimi olsun.

Mən onun şəhid olduğunu yuxumda görmüşdüm. Gördüm ki, tabutu həyətə gətiriblər. Tabutu açdım, durdu ayağa və dedi ki, ölməyib mənimlə zarafat edir. O, tank əleyhinə idarə olunan raketlə döyüşürdü. Döyüş yoldaşlarının bildirdiyinə görə, raketlə 30 erməni hərbçisini və iki nəfər zabiti öldürüb. 

Biz 8 il idi ki, ailəli idik. O, bu müddətdə Qazaxın Kəmərli kəndində xidmət edib. Ruslan və Sevinc adında iki övladımız var".

Əzizə Həsənova qeyd edib ki, o, hazırda 2 övladı ilə birgə Xırdalanda kirayədə qalır: “Fariz əslən Ağstafadan olsa da, indi Xırdalanda məskunlaşmışıq. Bir şəhid ailəsi kimi bizi ziyarət etmək istəyən vətəndaşlar kirayə qaldığımız evə gələ bilərlər”. 

Xidmət etdiyi dövrdə də iki medal alan şəhidimiz Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”,  “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Qeyd edək ki, şəhidin atası 1 il bundan qabaq koronavirusdan vəfat edib. Onun bir qardaşı, bir bacısı var.



DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top