Hikmət Həsənovun köməkçisi “Tərtər işi”nə görə hakim qarşısına çıxarılır

GÜNDƏM 06 iyul 2023, 13:01

Yaxın vaxtlarda “Tərtər işi”nə daxil olan yeni bir qrupun işi üzrə daha bir məhkəmə prosesi başlayacaq.

Qerbinfo.com Musavat.com-a istinadən xəbər verir ki, bu qrupda mühakimə olunanlar sırasında general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayev, eləcə də Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov yer alıb. Artıq iş üzrə istintaq başa çatıb. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Bildirilib ki, hazırda Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimləri “Tərtər işi” üzrə 3 ayrı-ayrı qrupun cinayət işinə baxır. Həmin cinayət işlərinə baxılarkən zərərçəkənlərin vəkilləri bir neçə dəfə Hikmət Həsənovun köməkçisi Fuad Ağayevin prosesdə dindirilməsi barəsində vəsatətlə çıxış ediblər. Lakin onların vəsatətləri təmin edilməyib.

Fuad Ağayevin digər qrupların işi üzrə məhkəmə proseslərində dindirilməsinin israrla tələb edilməsi təsadüfi deyil. Çünki bir çox hərbçilər Hikmət Həsənovun ona verdiyi göstərişlər əsasında xidmət yerlərindən işgəncə verilən tikililərə aparılıb, orada dəhşətli işgəncələrə məruz qalıblar. İşgəncələr nəticəsində 11 hərbçi dünyasını dəyişib. “Tərtər işi” üzrə zərərçəkmişlərin ümumi sayı 400 nəfərdən çoxdur.

Fuad Ağayev və digərlərinə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 341.2 (vəzifə səlahiyyətlərini aşma)və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda)maddələrlə ittiham irəli sürülüb.

Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır.

Məsələn, həmin iş üzrə təqirləndirilən şəxslərdən olan Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İntiqam Məmmədov Fuad Ağayevin işgəncələrdə iştirakı barədə ifadə verib. O, ifadəsində general Hikmət Həsənovun Fuad Ağayevə xəyanətdə şübhəli bilinən şəxslərlə bağlı səlahiyyət verdiyini deyib.

İntiqam Məmmədov ifadəsinin davamında deyib ki, dindirmə zamanı hərbçilərin döyülməsini, bədənlərinə elektrik cərəyanı verilməsini SAT-ın hərbi qulluqçuları Cəfər Seyidovun nəzarəti altında icra ediblər. Onlara sorğuda hansı sualların verilməsini, ümumilikdə hansı mövzu üzrə dindirilməsini Fuad Ağayev tapşırıb, Hikmət Həsənov da bu məsələlərdə Fuad Ağavevə göstərişlər verməklə ümumi olaraq aparılan dindirmələrə, işgəncə proseslərinə nəzarət edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top