“İstər əngəlli, istərsə də əngəlsiz, insanın bir məqsədi olmalıdır” - FOTOLAR

CƏMİYYƏT 16 sentyabr 2020, 10:52

İncəsənət əngəl tanımır. O, insana hər cür maneəni dəf etməyə imkan verir. Səhhətində olan problem səbəbindən 10 yaşında ayağa qalxıb addımlamağa başlayan Ülviyyə Qarayeva üzləşdiyi hər bir çətinliyə baxmayaraq, heç zaman ümidini itirməyib.

Qazax rayonunda anadan olan Ülviyyə 15 yaşında hind rəqslərinə maraq göstərir. Məşhur hind aktrisası və rəqqasəsi Madhuri Dikşitin rəqslərindən ilhamlanaraq çevrəsindəki “bacarmazsan”, “alınmayacaq”, “ötəri bir həvəsdir” deyənlərə əhəmiyyət vermir, məqsədinə çatmaq üçün həvəslə çalışır.

“Ümumilikdə götürəndə, dünya xalqlarının rəqsləri ilə maraqlanıram. Hind rəqslərini sevməyimin başlıca səbəbi isə rəqslərdə rəngarəngliyin və fərqli hərəkət elementlərinin olmasıdır”, - deyən Ülviyyənin arzu və xəyalları gerçəkləşməyə başlayır.

2017-ci ildə rəqqasə, aktrisa Oksana Rəsulovanın təşkil etdiyi “Hind rəqsləri” müsabiqəsində iştirak edən Ülviyyə III yerə layiq görülür. Növbəti uğuruna 2018-ci ildə imza atır. ƏSA teatrının bədii rəhbəri Nihad Qulamzadənin səhnələşdirdiyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş edilən “Göy quş” tamaşasına dəvət alır. Obraz kiçik olsa da, öhdəsindən asanlıqla gəlir, publikanın sevgisini qazanır. 2019-cu ildə H.Əliyev Mərkəzində keçirilən “Addım” tamaşasında da çox uğurla çıxış edir.

Ülviyyə həyatında dönüş nöqtəsinin məhz ayağa qalxıb gəzməyə başladığı dövr ilə əlaqələndiyini deyir: “Əgər ayağa qalxa bilməsəydim belə, yenə incəsənət üzrə nailiyyət əldə etməyə çalışardım”.  

Gənc rəqqasə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor peşəsinə yiyələnməyə hazırlaşır. Onun fikrincə, rəqsləri də gələcəkdə yaradıcılıq prosesinin inkişafına dəstək ola bilər: “Aktyor sənətinə yiyələnmək istəyinə baxmayaraq, gələcəkdə rəqs sənətini davam etdirmək fikrindəyəm. Böyük planlarım var, heç bir çətinlik də məni qorxutmur. Məqsədinə çatmaq üçün nə istədiyini bilməlisən. Seçdiyim hər iki sahədə özümə inanıram”.

Ülviyyə tutduğu yoldan geri çəkilmək fikrində deyil: “İstər əngəlli, istərsə də əngəlsiz, insanın həyatda bir məqsədi olmalıdır. Gərək, getdiyin yolda heç bir maneə səni geri döndərməsin, irəliyə can atasan”.

Sadıq Əliverdibəyli

Fotolar “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda çəkilib.


DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top