
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstanda keçirilən “Kakhi Cup 2025” beynəlxalq turnirinin açılış mərasimində iştirak edib. Mərasimdə çıxış edən F.Umudov yarışın əhəmiyyətindən danışaraq, turnirin ildən-ilə daha da maraqlı keçdiyini diqqətə çatdırıb. AAF rəsmisi Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze və 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə federasiya adından xatirə hədiyyələrini təqdim edib. Tədbirin sonunda Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüb. Xatırladaq ki, Firdovsi Umudov bir neçə gün əvvəl Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü seçilib.
Qeyd edək ki, Firdovsi Umudov idman sahəsində əldə olunan böyük uğur və nailiyyətlərə görə, 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib. Firdovsi Umudov 2022-ci ildə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi Firdovsi Umudov 2009, 2012, 2015-ci illərdə Azərbaycanda ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdırıb. Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. O, eyni zamanda “Sərhədçi İdman Mərkəzi”nin, İdman bölməsinin rəisidir.







