Karantin dövründə lombardlar müştərilərə necə güzəştlər edirlər?

BÖLGƏ 05 iyul 2020, 19:41
Lombardlar vətəndaşlar müəyyən girov qarşılığında kreditlər verən kommersiya təşkilatlarıdır. Bu təşkilatların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali arasında kredit əldə etmək üçün lombardlara üz tutanların sayı kifayət qədərdir.
Lakin bu problemləri sadalamazdan əvvəl lombardların fəaliyyətinin pandemiya dövründə necə tənzimləndiyi barədə məlumat vermək istəyirik. Bunu öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə lombard rəhbəri ilə əlaqə saxlamışıq. 
Paytaxtdakı lombard şirkətlərindən birinin rəhbəri report-a verdiyi açıqlamada karantin dövründə vətəndaşlara gecikmələrə görə cərimə tətbiq etmədiklərini bildirib:
“Karantin dövründə - təqribən mart ayından etibarən biz müştərilərimizə cərimə hesablanmasını dayandırmışdıq. Müştərilərə restrukturizasiya və müddətin uzadılmasını təklif etməklə güzəştlər etmişik. Hazırda bu güzəştlər davam edir. Lakin bu güzəştlərin nə vaxta qədər davam etməsi ilə bağlı konkret bir müddət təyin etməmişik. Başa düşürük ki, yaranan vəziyyətlə əlaqədar insanlar çətinlik çəkir. Biz də daimi olaraq müştərilərimizə güzəştlər edirik. İstənilən müştəri bizə müraciət edirsə, onun müraciətinə baxılır və yerində qərar verilir”.
Başqa bir lombard şirkətindən verilən məlumatda da vətəndaşlara bu cür güzəştlərin edildiyi bildirilib: “Karantin dövründə biz də müştərilərə bankların etdiyi formada güzəştlər etmişik. Mart və aprel aylarında gecikməyə görə cərimələr tətbiq edilməyib. Hazırda da cərimə tətbiqi yoxdur. Lakin bunun nə vaxta kimi belə davam edəcəyini planlaşdırmamışıq. Müştəri ödənişi edə bilməyəndə isə girovunu götürür, bizim nümayəndəmizlə birlikdə aparıb onu satır, pulun bizə çatacaq hissəsini ödəyir, qalanını isə özünə götürür”.
Şirkət sahibi bildirib ki, pandemiya lombardların fəaliyyətinə mənfi təsir edib: “Gələn yoxdur. Müştəri azalıb. Çünki bu dəqiqə camaata pul lazım deyil. Əvvəllər gəzməyə gedən var idi deyə insanlara pul lazım olurdu. Xarici ölkələrə gediş-gəliş bağlanandan sonra müştəri sayı xeyli azalıb. Karantindən əvvəlki dövrlə müqayisədə müştəri sayında kəskin azalma var”.
Lombardlarla bağlı ölkədə mövcud olan problemlərə görə bu barədə iqtisadçı-ekspert Samir Əliyevlə həmsöhbət olmuşuq. Samir Əliyev bildirib ki, Azərbaycanda lombardlarla bağlı əsas problem qanunvericilikdən qaynaqlanır: “Bu gün lombardların fəaliyyətini tənzimləyən xüsusi bir qanun yoxdur. Mağazaların fəaliyyəti necə adi qaydada və xüsusi öhdəlik, lisenziya olmadan tənzimlənirsə, lombardlarda da o cür olur. Ümumiyyətlə, bu qurumların fəaliyyəti tənzimlənmir. Əsas problem qanunvericilikdən qaynaqlandığına görə də bu qurumlarla bağlı banklar və sığorta şirkətlərinə olduğu kimi xüsusi tələblər yoxdur və bu qurumların fəaliyyəti lisenziyalaşdırılmır. Lisenziyalaşdırma olmadığına görə nəzarət də yoxdur. Nəzarəti lisenziyanı verən qurum həyata keçirir. Ona görə də bu qurumlar ərzaq mağazalarının fəaliyyətinə bənzər fəaliyyət göstərirlər.
Bir çox ölkələrdə lombardların fəaliyyəti ayrıca bir qanunla tənzimlənir. Lombardların fəaliyyəti ilə bağlı ya Mülki Məcəlləyə ayrıca bir hissə daxil etməliyik, ya da adi bir qanun tətbiq etməliyik. Birinci problem qanunvericilik bazasının yaradılmasıdır. İkinci məsələ bu fəaliyyətin lisenziyalaşdırılmasıdır. Nəzərə alaq ki, bu qurumların fəaliyyəti birbaşa sosial xarakter daşıyır və bu fəaliyyətin insanların əmlakından tutmuş gəlirlərinə qədər təsir etmək kimi bir xüsusiyyəti var. Odur ki, artıq bu fəaliyyətin lisenziyalaşdırılması tələbi ortaya çıxıb. Üçüncü məsələ isə nəzarət məsələsidir ki, onu da lisenziyanı verən qurum həyata keçirməlidir. Burda kredit münasibəti və ya pulun satılması məsələsi olduğundan bu məsələyə Mərkəzi Bank baxmalıdır. Eyni zamanda Mərkəzi Bank lombardların lisenziyasına dair tələbləri də müəyyənləşdirməlidir. Lisenziya fəaliyyəti varsa, nəzarət mütləq olmalıdır. İlk növbədə, həmin lombard qurumlarının maliyyə kapitalına nəzarət edilməlidir. Onların kapitalı müəyyən bir həddə olmalıdır. Normal bir həddə kapital olmalıdır ki, hansısa problem yarananda lombard əhalinin vəsaitini qaytara bilsin. Qonşu dövlətlərdə, eyni zamanda Avropa ölkələrində sadaladığımız tələblər mövcuddur”. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top