Ağstafalı professor İcra başçısına MÜRACİƏT ETDİ

XƏBƏR 26 avqust 2020, 19:34
Professor Valeh Nəsibli Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edib.
Qerbinfo.com
olaraq professor Valeh Nəsiblinin müraciətini olduğu kimi təqdim edirik:
"Salam, hər vaxtınız xeyir olsun, çox hörmətli Seymur müəllim! Əvvəla tanışlıq üçün özüm haqda qısa məlumat verim. Mən, Valeh Bayram oğlu Nəsibov, Sizin bu gün rəhbərlik etdiyiniz rayonun Saloğlu qəsəbəsində doğulub boya-başa çatmışam, 61 yaşım var, filologiya elmləri doktoru, Azerbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, Yeni Azərbaycan partiyasının və Qazax Xeyriyyə İctimai Birliyinin üzvüyəm. Hörmətli Seymur müəllim, məni tanıyanlar bilir, Bakıda yaşasam da elimə-obama çox bağlı insanam, orayla nəfəs alıram, Qazax(Ağstafa) Xeyriyyə Cəmiyyətinin üzvü kimi 30 ilə yaxındır kəndimin, rayonunun, mahalımın müəyyən problemlərinin həllində yaxından iştirak etmişəm, sevincinə sevinib kədərinə yanmışam. Əziz Başçımız, məni ən çox narayat edən məsələlərdən biri keçmişimizə biganə münasibət, yerlərdə milli, mədəni, tarixi abidələrimizin uzun illər baxımsız, yiyəsiz qalması, uçub, dağılıb tökülməsidir, yox olmasıdır. Hamı bilir ki, kəçən əsrdə Ağstafanın, Qazax mahalının ən məşhur insanlarından biri, bəylərbəyi İsrafil ağa Kerbelayev olmuşdur, Qaçaq Kərəmin süd qardaşı, dostu və kişi düşməni. Onun Qıraq Kəsəməndə o zamanlar yüksək zövqlə tikdirdiyi və bir tarixi abidə kimi Mədəniyyət Nazirliyinin qeydiyyatında olan gözəl yurdu indi hamının göz dağına çevrilib. Çoxlu sayda müraciətlərə baxmayaraq heç kim heç nə etmir.
Mahalın ən dəyərli şəxsiyyətlqrindən, xeyirxah ziyalılarından biri də vaxtilə Gəncədə, Şəmkirdə, Gədəbəydə, Tovuzda, Qazaxda, Ağstafada ömrünü insanların həyatının işıqlandırılmasına həsr edən alim, son dövrlərdə Ağstafa Regional Elektrik şəbəkəsinin direktoru, məşhur energetik Rasim Mustafayev olmuşdur. Elə o vaxtlar bu böyük şəxsiyyət dövlətdən bir qəpik belə almadan yerli camaatın köməyi ilə Ağstafada rəhbərlik etdiyi idarə üçün ikimərtəbəli, çox otaqlı möhtəşəm bir bina tikdirmiş və onun həyətində isə gözəl bir park salmış, parkın ortasında isə başında Azərbaycanın unudulmaz xalq şairi Səməd Vurğunun büstü qoyulmuş, Göyəzən dağının qayalardan maketi ucaldılmışdır. Bu gözəl məkana, qeyri-adi mənzərəyə tamaşa etmək üçün bir zamanlar insanlar, qonaqlar axışıb gələrdilər. İlk dəfə buranı mənə hələ 1976-cı ildə mənim ədəbiyyat müəllimim, Səməd Vurğunun seminariya yoldaşı, "Yeddi oğul istərəm" filmindəki Mirpaşa sürətinin prototipi Mirpaşa Nəsibov aparıb göstərmişdır. Bir cənnət guşəsi idi o park. Bu yaxınlarda rayonda olarkən yenə yolumu oradan saldım, ürəyim ağrıdı, dəhşətə gəldim. Biz bu qədərmi dəyişdik, cırlaşdıq və keçmişimizi unutduq.
Hörmətli Seymur müəllim, Ağstafa bildiyim qədər 50 ilə yaxındır ki, rayon statusu daşıyır. Bu 50 ildə onun bir neçə raykom katibi, icra başçıları olub. Onlardan ən yadda qalanı 1939-cu ildən 1942-ci ilə qədər Ağstafanın ilk raykom katibi olmuş Mehdixan Vəkilovdur. Nə ilə yadda qalıb Mehdixan Vəkilov? Bütün quruculuq işlərilə yanaşı rayonun mərkəzində, xaraba bir yerdə saldırdığı o gözəl istirahət parkı ilə. Bir bayatımızda deyildiyi kimi: Əzizim bizim qala Həmişə bizim qala, Tikmədim özüm qalam, Tikdim ki, izim qala. Əziz Seymur müəllim, mən çox istəyirəm ki, Siz də bizim xatirəmizdə ən yaxşı bir Başçı kimi qalasınız və, bilirəm, bu potensial Sizdə var. Ona görə Sizdən artıq dərəcədə xahiş edirəm, əvvəla İsrafil ağanın yurdunun bərpasında, ikinci, zamanının çox görkəmli şəxsiyyəti, xeyirxah insanı ( ağsaqqallardan, ziyalılardan soruşa bilərsiniz) Rasim Mustafayevin yaratdığı "Səməd Vurğun Göyəzəndə" kompleks abidənin bərpasında və həm də Rasim müəllimin adının əbədiləşdirilməsində əlinizdən gələni edəsiniz.
Bu şəkillər mən söylədiyim yerlərdir". 


Hörmətlə: Valeh Nəsibli

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top